AI AZERBAIJAN FINAL ROUND 2026
MİLLİ FİNAL MƏRHƏLƏSİ – RƏSMİ QAYDALAR VƏ TƏLİMAT
Final mərhələsi üzrə yekun struktur və iştirakçı təlimatı
1. ÜMUMİ MƏQSƏD
AI Azerbaijan Final Round 2026 Azərbaycan üzrə Süni İntellekt Olimpiadasının ən yüksək və ən məsuliyyətli seçim mərhələsidir. Bu mərhələnin əsas məqsədi süni intellekt, data düşüncəsi, alqoritmik təfəkkür və praktik model qurma bacarıqlarını birlikdə nümayiş etdirə bilən ən güclü iştirakçıları müəyyən etməkdir. Final mərhələsi yalnız bilik yoxlaması deyil, eyni zamanda iştirakçıların strukturlaşdırılmış düşüncə, əsaslandırma, real problemə texnoloji yanaşma və tətbiqi həll qurmaq bacarıqlarını qiymətləndirmək üçün təşkil olunur. Bu mərhələ həm də beynəlxalq AI yarışlarında, xüsusilə IOAI tipli yüksək səviyyəli olimpiada mühitində Azərbaycanı təmsil edə biləcək iştirakçıların seçilməsi üçün əsas platformadır. Final nəticələri əsasında ümumi performansı ən yüksək olan iştirakçılar növbəti seçim və hazırlıq mərhələsinə yönləndiriləcəklər.
1.1 Qiymətləndirmə
İmtahan müddəti
Task A – 1 saat
Task B – 2 saat
Task C – 3 saat
İmtahan formatı
Task A – Çoxvariantlı test
Task B – Kompüter əsaslı fərdi tapşırıq
Task C – Komanda formatında kompüter əsaslı tapşırıq
İmtahanın qiymətləndirilməsi
Task A – 100 bal
Task B – 50 bal
Task C – 50 bal
Ümumi maksimum bal: 200
2. İŞTİRAKÇILAR VƏ KATEQORİYA QAYDASI
Bu final mərhələsində Junior və Senior bölgüsü tətbiq edilmir. Bütün finalçılar vahid kateqoriya üzrə iştirak edirlər və eyni ümumi qiymətləndirmə sisteminə əsasən dəyərləndirilirlər. Yəni seçim turundan fərqli olaraq final mərhələsində bütün iştirakçılar eyni yarış mühitində, eyni strateji çərçivədə və yekun vahid reytinq üzrə çıxış edirlər. Bu yanaşmanın məqsədi 3 fərqli raund üzrə ümumi gücü daha yüksək olan iştirakçıları seçməkdir.
3. MƏRHƏLƏNİN ÜMUMİ STRUKTURU
Bölmə | Ad | Məzmun | Format |
A | Nəzəri Test | Süni intellekt, data savadlılığı, etik məsuliyyət, axtarış alqoritmləri, model düşüncəsi və oyun nəzəriyyəsi üzrə çoxseçimli test | Fərdi |
B | Alqoritmik Təfəkkür və AI Simulyasiya Tapşırığı | Məhdudiyyətlərlə işləmə, optimallaşdırma, model qurma, sistemli qərarvermə və dəyişən şərtlərdə adaptasiya | Fərdi |
C | Kaggle Machine Learning Challenge | Verilən dataset üzərində model qurma, proqnoz hazırlama və submission nəticəsi ilə praktik ML bacarığının ölçülməsi | Komanda |
Bu 3 rounda birlikdə finalın ümumi qiymətləndirmə modelini təşkil edir. Məqsəd yalnız bir istiqamətdə güclü olan iştirakçıları deyil, nəzəri bilik, alqoritmik düşüncə və praktik tətbiq bacarığını birlikdə nümayiş etdirə bilən şagirdləri müəyyən etməkdir.
4. A BÖLMƏSİ – NƏZƏRİ TEST
Bu raund iştirakçının süni intellekt və data savadlılığı üzrə fundamental biliklərini ölçür. Test sualları AI tarixini, əsas anlayışları, axtarış və heuristic yanaşmaları, AI etikası, strukturlaşdırılmış və etiketlənmiş data, overfitting, klassifikasiya, korelyasiya və səbəb–nəticə fərqi, eləcə də oyun nəzəriyyəsi tipli strateji anlayışları əhatə edir.
- · Hər sualın yalnız bir düzgün cavabı var.
- · İştirakçıdan həm nəzəri bilik, həm də sualı düzgün şərh etmək bacarığı gözlənilir.
Bu raund fərdi şəkildə icra olunur.
5. B BÖLMƏSİ – ALQORİTMİK TƏFƏKKÜR VƏ AI SİMULYASİYA TAPŞIRIĞI
Bu raund AI Azerbaijan Final üçün xüsusi hazırlanmış rəsmi açıq cavablı tapşırıqdır və “İmtahan günü mövzu deyiləcək x” mövzusuna əsaslanır. Bu hissənin imtahan müddəti 2 saat (120 dəqiqə), maksimum balı isə 50 bal olaraq müəyyən edilib.
Bu raundun əsas məqsədi iştirakçının mürəkkəb problemi strukturlaşdırmaq, sərt və yumşaq məhdudiyyətləri ayırmaq, resurs bölgüsü üçün sistemli həll qurmaq, trade-off qərarlarını əsaslandırmaq və dəyişən vəziyyətdə mövcud planı yenidən optimallaşdırmaq bacarığını yoxlamaqdır.
· İştirakçıya verilmiş məlumatlar əsasında yerləşdirmə strategiyası qurulmalıdır.
· Nümunə bölgü cədvəli təqdim edilməlidir.
· Alqoritmik izah və ya sadə pseudocode yazılmalıdır.
· Dəyişən vəziyyət yarandıqda planın necə yenilənəcəyi göstərilməlidir.
· Yalnız nəticə deyil, düşüncə prosesi və əsaslandırma da qiymətləndirilir.
C BÖLMƏSİ – KAGGLE MACHINE LEARNING CHALLENGE
Finalın üçüncü və ən praktik hissəsi Kaggle əsaslı machine learning raundudur. Bu mərhələdə iştirakçılar verilmiş dataset üzərində model qurmalı, test datası üçün proqnoz hazırlamalı və submission etməlidirlər. Competition səhifəsində train.csv, test.csv və sample_submission.csv faylları yerləşdirilir. İştirakçı competition səhifəsində təqdim edilmiş dataset ilə işləməlidir.
· Submission formatı sample_submission.csv faylına uyğun olmalıdır.
· Leaderboard nəticəsi yekun qiymətləndirmənin bir hissəsi kimi nəzərə alınır.
· Zərurət olduqda metodoloji yanaşmanın qısa izahı da tələb oluna bilər.
7. ÜMUMİ QİYMƏTLƏNDİRMƏ YANAŞMASI
Final mərhələsində iştirakçıların nəticələri ayrı-ayrı hissələr üzrə deyil, ümumi yekun performans əsasında dəyərləndirilir. Bu modelin məqsədi təkcə test həll edən deyil, müxtəlif formatlarda sabit və yüksək səviyyəli nəticə göstərə bilən iştirakçıları müəyyən etməkdir.
· Task A nəzəri baza və anlayış dərinliyini ölçür.
· Task B strukturlaşdırılmış problem həllini və alqoritmik məntiqi ölçür.
· Task C praktik ML və model qurma bacarığını ölçür.
Yekun seçim zamanı bu üç raund üzrə toplanmış ümumi nəticə əsas götürülür. Finalın fəlsəfəsi budur ki, milli komanda seçimində yalnız bir sahədə güclü nəticə deyil, çoxölçülü və balanslı güc əsas meyar hesab edilir.
8. MİLLİ KOMANDANIN SEÇİM PRİNSİPİ
AI Azerbaijan Final Round 2026-nın əsas nəticəsi Azərbaycanın beynəlxalq AI yarışları üçün ən perspektivli iştirakçılarının müəyyən edilməsidir. Final mərhələsində Junior və Senior bölgüsü olmadığı üçün bütün iştirakçılar vahid reytinq üzrə sıralanır. Task A, Task B və Task C üzrə ümumi ən yüksək nəticə göstərən iştirakçılar Azərbaycanı növbəti beynəlxalq mərhələdə təmsil etmək üçün seçiləcək və ya növbəti rəsmi hazırlıq mərhələsinə dəvət olunacaqlar.
Seçilmiş iştirakçılar üçün ayrıca hazırlıq proqramı, mentor dəstəyi, təkmilləşdirmə sessiyaları və beynəlxalq olimpiada formatına uyğun əlavə seçim tapşırıqları təşkil oluna bilər.
9. TƏŞKİLATİ VƏ İMTAHAN QAYDALARI
· Hər iştirakçıya fərdi ID və ya iştirakçı kodu təqdim olunur.
· Task A və Task B hissələrində cavablar fərdi şəkildə yazılır və qiymətləndirilir.
· Task C hissəsində hər iştirakçı competition platformasına müvafiq texniki identifikasiya ilə daxil olur.
· İştirakçılar yalnız icazə verilmiş texniki vasitələrdən istifadə etməlidirlər.
· Xarici yardım, qaydalara zidd resurs istifadəsi və submission intizamının pozulması qəbul edilmir.
· Task B-də cavabın strukturlaşdırılmış yazılması, Task C-də isə submission formatının düzgünlüyü xüsusi əhəmiyyət daşıyır.
10. ƏSAS PRİNSİPLƏR
1. Ədalətlilik: Bütün iştirakçılar vahid qaydalarla və müqayisə edilə bilən meyarlarla qiymətləndirilir.
2. Şəffaflıq: Finalın strukturu, mərhələləri və seçim məntiqi əvvəlcədən açıqlanır.
3. Akademik keyfiyyət: Final yalnız nəticə toplamaq üçün deyil, yüksək səviyyəli AI düşüncə bacarığını seçmək üçün qurulur.
4. Praktiklik: Nəzəriyyə ilə yanaşı, real data və model üzərində işləmək bacarığı da yoxlanılır.
5. Məsuliyyətli AI yanaşması: Etik düşüncə, əsaslandırma və məsuliyyətli qərarvermə final fəlsəfəsinin ayrılmaz hissəsidir.
11. YEKUN QEYD
AI Azerbaijan Final Round 2026 yalnız bir imtahan deyil, gələcək milli AI komandasını formalaşdıran strateji seçim mərhələsidir. Bu mərhələdə iştirakçılardan bilik, məntiq, tətbiqetmə və adaptasiya bacarıqlarını birlikdə nümayiş etdirmək gözlənilir. Finalın yekun nəticələri 3 raundun ümumi performansına əsasən hesablanacaq və ən güclü iştirakçılar Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək üçün seçiləcəklər.