FISO Riyaziyyat və İngilis Yarışmasının Azərbaycan üzrə Seçim Mərhələsi Keçirilib!

FISO Riyaziyyat və İngilis Yarışmasının Azərbaycan üzrə Seçim Mərhələsi Keçirilib!

18 yanvar 2026-cı il tarixində FISO Riyaziyyat və İngilis Yarışmasının Azərbaycan üzrə seçim turu Global Olympiad Center-in təşkilatçılığı ilə uğurla həyata keçirilib. Seçim turu çərçivəsində FISO English imtahanı saat 11:00-da, FISO Riyaziyyat imtahanı isə saat 15:00-da baş tutub.

Yarışma ölkə üzrə müxtəlif regionları əhatə etməklə bir neçə imtahan mərkəzində təşkil olunub. Seçim turu Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində keçirilib.

Qeyd edək ki, 2026-cı ildə FISO Riyaziyyat Yarışmasının final mərhələsi Dubay şəhərində təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən seçilmiş istedadlı şagirdləri bir araya gətirəcək bu beynəlxalq yarışma, riyaziyyat sahəsində biliklərin, məntiqi və yaradıcı düşüncə bacarıqlarının qiymətləndirilməsi baxımından mühüm platforma hesab olunur.

FISO beynəlxalq yarışması şagirdlərin Riyaziyyat, İngilis dili və Məntiq kimi müxtəlif sahələr üzrə bilik və bacarıqlarını yoxlamaq və inkişaf etdirmək məqsədi daşıyır. Yarışma iştirakçılara həm milli, həm də beynəlxalq mərhələlərdə öz potensiallarını nümayiş etdirmək, elmi və intellektual inkişaflarını gücləndirmək imkanı yaradır.

Bildiririk ki, FISO yarışmasının nəticələrinin cari həftə ərzində elan olunması nəzərdə tutulur. Bütün iştirakçılara növbəti mərhələlərdə uğurlar arzu edirik.