Global Olympiad Center-in təşkilatçılığı ilə Azərbaycan komandası Avstraliyanın Sidney şəhərində keçirilən Nextgen Olympiad yarışmasının final mərhələsində uğurla iştirak edib.
Final mərhələsində ölkəmizi təmsil edən 10 nəfərlik komanda, dünya miqyasında keçirilən bu nüfuzlu yarışda yüksək nəticələr əldə edib.
Şagirdlərimizdən 4 nəfər Riyaziyyat üzrə beynəlxalq IMEC (International Mathematics Elite Competition) yarışmasında, digər iştirakçılar isə JEO (Junior English Olympiad) üzrə öz biliklərini nümayiş etdirib. Müxtəlif yaş kateqoriyalarında yarışan istedadlı şagirdlərimiz beynəlxalq səviyyədə əhəmiyyətli uğurlara imza atıblar.
Qaliblərimiz:
Riyaziyyat üzrə
● Araz Şadmanzadə – Riyaziyyat üzrə Dünya birincisi
● Abdulla Eyyubov – Riyaziyyat üzrə Dünya birincisi
● Osman Əsədov və Görkəm Bilgin – Riyaziyyat üzrə gümüş medal
İngilis dili üzrə
● Emiliya Dadaşova – İngilis dili üzrə Dünya ikincisi
● Osman Əsədov, Röyal Bayramlı, Məryəm Əkbərova – İngilis dili üzrə gümüş medal
● Aysu Hilal Yıldız, Fatimə Qasımova – İngilis dili üzrə bürünc medal
Azərbaycanın Avstraliyadakı səfiri cənab Dr. Vaqif Cəfərov qalib şagirdlərimizi qəbul edib. O, onlarla görüşərək səmimi söhbət aparıb və gələcək fəaliyyətlərində onlara böyük uğurlar arzulayıb.
Qeyd edək ki, dünya birincisi olan iştirakçılardan biri – Araz Şadmanzadə, Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Əkrəm Şadmanovun övladıdır. Onun bu uğuru yalnız şəxsi nailiyyət deyil, həm də milli qürur mənbəyidir.
Azərbaycan komandası 2025-ci il aprelin 22-də Vətənə geri dönəcək.
Bu nəticələr, ölkəmizin beynəlxalq səviyyədə təhsil və elmi biliklər sahəsində əldə etdiyi uğurların göstəricisidir və gənc nəslin inkişafına verilən dəstəyin bəhrəsidir.