Çinin Şençjen şəhərində keçirilən Beynəlxalq İqtisadiyyat Olimpiadasının — International Economics Olympiad 2026 final mərhələsində Azərbaycan milli komandası uğurla iştirak edərək bir gümüş və bir bürünc medal qazanıb. Olimpiadanın yekun nəticələrinə əsasən, Daniyar Əliyev gümüş, Ayşə Tapdıqzadə isə bürünc medala layiq görülüb.
12–20 iyul 2026-cı il tarixlərində təşkil olunan beynəlxalq finalda iştirakçılar iqtisadiyyat və maliyyə üzrə qapalı və açıq tipli tapşırıqları yerinə yetirib, həmçinin biznes keys üzrə hazırladıqları həlləri ingilis dilində münsiflər heyəti qarşısında təqdim ediblər.
Azərbaycanı yarışda beş şagirddən ibarət milli komanda təmsil edib:
- Daniyar Əliyev;
- Ayşə Tapdıqzadə;
- Bayram Eyyubov;
- Nurtəm Qasımzadə;
- Fatimə Əhmədova. Komandaya Ləman Quliyeva rəhbərlik edib.
Azərbaycan komandası builki nəticə ilə əvvəlki göstəricisini daha da yaxşılaşdırıb. 2025-ci ildə komandamız üç bürünc medal əldə etdiyi halda, 2026-cı ildə medal səviyyəsini yüksəldərək bir gümüş və bir bürünc medal qazanıb. Azərbaycan Beynəlxalq İqtisadiyyat Olimpiadasında ilk dəfə 2024-cü ildə iştirak edib və builki yarış ölkəmizin ardıcıl üçüncü il təmsil olunduğu beynəlxalq final olub.
Olimpiada proqramı çərçivəsində şagirdlər yalnız akademik yarışlarda iştirak etməyib, eyni zamanda Şençjen şəhərinin təhsil, iqtisadi və mədəni mühiti ilə yaxından tanış olublar. Komanda Pekin Universitetinin Şençjendə yerləşən HSBC Biznes Məktəbini ziyarət edib, müxtəlif akademik və mədəni proqramlarda iştirak edib.
Azərbaycanın Beynəlxalq İqtisadiyyat Olimpiadası üzrə milli seçim mərhələsi ölkənin rəsmi təşkilatçısı Global Olympiad Center tərəfindən həyata keçirilib. Milli komandanın Çinin Şençjen şəhərində keçirilən beynəlxalq final mərhələsində iştirakının təşkilinə Azərbaycan Beynəlxalq Bankı dəstək göstərib.
Əldə olunan nailiyyət münasibətilə şagirdlər, komanda rəhbəri, müəllimlər və valideynlər təbrik olunub, komanda üzvlərinə gələcək təhsil və beynəlxalq yarışlarda yeni uğurlar arzulanıb.