Einstein Riyaziyyat və Elm Olimpiadasının medalçıları açıqlandı

Global Olympiad Center tərəfindən Azərbaycanda ilk dəfə təşkil olunan Almaniya mərkəzli Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turu üzrə medalçılar elan olunub. Nəticələrə əsasən, Riyaziyyat və Elm fənləri üzrə yüksək nəticə göstərən iştirakçılar qızıl, gümüş və bürünc medallara layiq görülüblər.

Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turu 16 may tarixində ölkəmizin 7 böyük şəhərində, Bakı, Sumqayıt, Gəncə, Şəki, Quba, Masallı və Naxçıvanda keçirilib. Olimpiadada iştirakçılar Riyaziyyat və Elm fənləri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.

İmtahan proqramına əsasən, Riyaziyyat fənni üzrə seçim turu saat 11:00-da, Elm fənni üzrə seçim turu isə saat 14:00-da təşkil olunub. Yarışma müxtəlif sinif kateqoriyalarına uyğun formatda keçirilib və iştirakçılar öz yaş qruplarına uyğun sualları cavablandırıblar.

Nəticələrə əsasən, 91-100 bal toplayan iştirakçılar qızıl medal, 75-90 bal toplayan iştirakçılar gümüş medal, 50-74 bal aralığında nəticə göstərən iştirakçılar isə bürünc medal qazanıblar. 40-49 bal toplayan iştirakçılar fəxri fərmanla təltif olunurlar. 1-39 bal toplayan iştirakçılara isə virtual iştirak sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, 40 və daha yüksək bal toplayan iştirakçılar 26-30 oktyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanırlar. Seçim turunda medal əldə edən iştirakçılar 6 iyun tarixində Heydər Əliyev Sarayında keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar.

Olimpiadanın seçim turunda riyaziyyat fənni üzrə 1-ci və 2-ci sinif şagirdlərinə 20 sual təqdim olunub. Bu kateqoriyada hər düzgün cavab 5 bal ilə qiymətləndirilib və maksimum nəticə 100 bal təşkil edib. 3-cü sinifdən 11-ci sinfə qədər olan iştirakçılar üçün isə 25 sual təqdim olunub. Bu kateqoriyada hər düzgün cavab 4 bal hesablanıb və maksimum nəticə 100 bal olub.

Elm fənni üzrə isə imtahan 3-cü sinifdən 11-ci sinfə qədər olan şagirdlər arasında keçirilib. Bu istiqamətdə iştirakçılara 25 sual təqdim olunub və hər düzgün cavab 4 bal ilə qiymətləndirilib. İmtahan müddəti 90 dəqiqə təşkil edib.

Qiymətləndirmə qaydalarına əsasən, düzgün cavablar olimpiadanın rəsmi bal sistemi üzrə hesablanıb, səhv cavablara görə 1 bal çıxılıb, cavabsız suallara görə isə bal əlavə olunmayıb və çıxılmayıb.

Final mərhələsi 26-30 oktyabr tarixlərində Almaniyanın Berlin şəhərində 40-dan çox ölkədən iştirakçıların iştirakı ilə keçiriləcək. Bu mərhələyə vəsiqə qazanan şagirdlər yalnız akademik biliklərini nümayiş etdirməklə kifayətlənməyəcək, həm də beynəlxalq mühitdə müxtəlif ölkələrdən olan həmyaşıdları ilə eyni platformada yarışmaq imkanı əldə edəcəklər.

Final proqramı çərçivəsində iştirakçılar Berlin şəhəri üzrə mədəni və maarifləndirici səfərlərə də qatılacaqlar. Proqrama Brandenburq Qapısı və Pariser Platz, Reyxstaq binası və Şüşə Günbəz ziyarəti, Unter den Linden bulvarı boyunca piyada gəzinti, həmçinin Potsdamer Platz və Sony Center ərazisi ilə tanışlıq daxildir. İmtahandan sonra proqram Berlin üzrə mədəni turla davam edəcək. İştirakçılar Muzeylər Adasını ziyarət edəcək, Pergamon Muzeyi, Neues Muzeyi və Berlin Kafedralı ilə tanış olacaqlar. Bundan əlavə, şagirdlər Berlin Kafedralının günbəzindən şəhər mənzərəsini izləyəcək və Berlin Divarının tarixi qraffitiləri ilə tanınan East Side Gallery ərazisini gəzəcəklər.

Global Olympiad Center bütün medalçıları təbrik edir və final mərhələsində iştirak edəcək şagirdlərə uğurlar arzulayır.