Global Olympiad Center tərəfindən təşkil olunan Almaniya mərkəzli Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turu 16 may tarixində keçirilib. Olimpiada ölkəmizin 7 böyük şəhərində, Bakı, Sumqayıt, Gəncə, Şəki, Quba, Masallı və Naxçıvanda təşkil olunub. İştirakçılar Riyaziyyat və Elm istiqamətləri üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
İmtahan proqramına əsasən, Riyaziyyat fənni üzrə seçim turu saat 11:00-da, Elm fənni üzrə seçim turu isə saat 14:00-da baş tutub. Yarışma müxtəlif sinif kateqoriyalarına uyğun formatda təşkil olunub və iştirakçılar öz yaş qruplarına uyğun sualları cavablandırıblar.
Riyaziyyat istiqaməti üzrə 1-ci və 2-ci sinif şagirdlərinə 20 sual təqdim olunub. Bu kateqoriyada hər düzgün cavab 5 bal ilə qiymətləndirilib, maksimum nəticə 100 bal təşkil edib. İmtahan müddəti 90 dəqiqə olub.
3-cü sinifdən 11-ci sinfə qədər olan şagirdlər üçün isə Riyaziyyat istiqamətində 25 sual təqdim edilib. Bu kateqoriyada hər düzgün cavab 4 bal olaraq hesablanıb, maksimum nəticə 100 bal müəyyənləşdirilib və imtahan müddəti 90 dəqiqə təşkil edib.
Elm istiqaməti üzrə imtahan 3-cü sinifdən 11-ci sinfə qədər olan şagirdlər üçün nəzərdə tutulub. Bu istiqamətdə iştirakçılara 25 sual təqdim olunub. Hər düzgün cavab 4 bal ilə qiymətləndirilib, maksimum nəticə 100 bal olub və imtahan müddəti 90 dəqiqə təşkil edib.
Qiymətləndirmə qaydalarına əsasən, düzgün cavablar müvafiq bal sistemi üzrə hesablanır, səhv cavablara görə 1 bal çıxılır, cavabsız suallara görə isə bal əlavə olunmur və çıxılmır.
Nəticələrə əsasən, 91-100 bal toplayan iştirakçılar qızıl medal, 75-90 bal toplayanlar gümüş medal, 50-74 bal aralığında nəticə göstərənlər isə bürünc medal qazanacaqlar. 40-49 bal toplayan iştirakçılar fəxri fərmanla təltif olunacaq. Bu nəticə aralığında olan iştirakçılar da final mərhələsinə vəsiqə əldə edəcəklər. 1-39 bal toplayan iştirakçılar iştirak sertifikatı əldə edəcək, lakin final mərhələsinə vəsiqə qazanmayacaqlar.
Qeyd edək ki, seçim turunda medal qazanan iştirakçılar 6 iyun tarixində Heydər Əliyev Sarayında keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar. Seçim mərhələsində 40 və daha yüksək bal toplayan şagirdlər isə 26-30 oktyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək final mərhələsində iştirak etmək şansı qazanacaqlar.
Global Olympiad Center bütün iştirakçılara nəticələrində uğurlar arzulayır.