Global Olympiad Center tərəfindən təşkil olunan beynəlxalq fənn olimpiadaları və yarışmaları üzrə mükafatlandırma mərasimi 6 iyun tarixində Heydər Əliyev Sarayında keçiriləcək. Mərasimdə müxtəlif olimpiada və yarışmalarda qızıl, gümüş və bürünc medal qazanan şagirdlər təltif olunacaqlar.
Mükafatlandırma mərasimi iki fərqli saat üzrə təşkil ediləcək. Birinci mərasim saat 11:00-da başlayacaq. Bu mərasim AI Azerbaijan - Azərbaycan Süni İntellekt Olimpiadası, AzMİO - Azərbaycan Milli İqtisadiyyat Olimpiadası, AzFO - Azərbaycan Fəlsəfə Olimpiadası, Einstein Olympiad və HIPPO English Olympiad üzrə medal qazanan şagirdlər üçün nəzərdə tutulub.
Günün ikinci mərasimi isə saat 15:00-da keçiriləcək. Bu mərasim çərçivəsində Brainiacs, Spirit of Math, STEMCO, UAMO və USA Olympiad üzrə qızıl, gümüş və bürünc medal əldə edən iştirakçılar mükafatlandırılacaq.
Tədbirdə iştirak etmək üçün medal qazanan hər bir iştirakçı şəxsi kabinetinə daxil olaraq mükafatlandırma mərasimi üzrə qeydiyyatdan keçməlidir. Qeydiyyat tamamlandıqdan sonra şagird və valideyn üçün xüsusi bilet formalaşacaq.
Bildirilib ki, tədbirə gələn zaman biletlərin çap olunmuş formada təqdim edilməsi mütləqdir. Qeydiyyatdan keçməyən və çap olunmuş bileti olmayan şəxslər mərasimə buraxılmayacaq.
Qeyd edək ki, Naxçıvan və Gəncə bölgələri üzrə mükafatlandırma mərasimləri həmin ərazilərdə ayrıca təşkil olunacaq. Bu mərasimlərin tarix və saatı Global Olympiad Center-in rəsmi platformalarında elan ediləcək.