Global Olympiad Center tərəfindən təsis edilən Azərbaycan Fəlsəfə Olimpiadasının nəticələrinə əsasən, ölkəmizi Beynəlxalq Fəlsəfə Olimpiadasında, IPO 2026-da təmsil edəcək şagirdlər final mərhələsində iştirak etmək üçün Polşanın Varşava şəhərinə yola düşürlər.
Azərbaycanı final mərhələsində Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Barış Abbaslı və 147 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əhməd Qurbanlı təmsil edəcəklər. Azərbaycan komandasına rəhbərliyi Global Olympiad Center-in həmtəsisçisi Eyvaz Qafarov edəcək.
Beynəlxalq Fəlsəfə Olimpiadası 14-17 may 2026-cı il tarixlərində Polşanın Varşava şəhərində keçiriləcək. Bu ilki olimpiadanın əsas mövzusu “Azadlıq və Ağıl” olaraq müəyyənləşdirilib.
Mövzu fəlsəfənin azad düşüncə mühitində inkişaf edən ağıl fəaliyyəti kimi dəyərləndirilməsinə əsaslanır. “Azadlıq və Ağıl” məsuliyyətli düşüncə, tənqidi mühakimə və intellektual müstəqillik üçün mühüm anlayışlar kimi təqdim olunur. Olimpiada çərçivəsində bu mövzu iştirakçıların fəlsəfi təhlil, arqumentasiya və esse yazmaq bacarıqları üzərindən qiymətləndiriləcək.
Qeyd olunur ki, “Azadlıq və Ağıl” mövzusu keçirilən regionun tarixi və intellektual irsi ilə də əlaqələndirilir. Varşava XX əsrin mühüm fəlsəfi istiqamətlərindən biri olan Lvov-Varşava Məktəbi ilə bağlı fəlsəfi ənənələrə malikdir. Bu məktəb düşüncənin aydınlığı, arqumentin dəqiqliyi və intellektual məsuliyyət prinsipləri ilə tanınır.
Final proqramına əsasən, iştirakçılar rəsmi açılış mərasimində iştirak edəcək, əsas esse yazısı mərhələsi isə Kopernik Elm Mərkəzində təşkil olunacaq. Proqram çərçivəsində şagirdlər Varşava Universitetinin Köhnə Kitabxanası, Kopernik Elm Mərkəzi, şəhər gəzintisi və muzey ziyarətləri kimi akademik və mədəni fəaliyyətlərə də qatılacaqlar.
Azərbaycan Fəlsəfə Olimpiadası 8-11-ci sinif şagirdləri üçün fəlsəfi təfəkkür, analitik düşünmə və arqumentasiya bacarıqlarını qiymətləndirmək məqsədilə təşkil olunur. Bu mərhələdə uğur qazanan şagirdlər Beynəlxalq Fəlsəfə Olimpiadasında ölkəmizi təmsil etmək hüququ əldə edirlər.
Global Olympiad Center olaraq IPO 2026-da ölkəmizi təmsil edəcək şagirdlərə final mərhələsində uğurlar arzulayırıq.