IOAI 2026-da ölkəmizi təmsil edəcək şagirdlərin adına aydınlıq gəlib

Global Olympiad Center tərəfindən təsis edilən AI Azərbaycan - Azərbaycan Süni İntellekt Olimpiadasının final mərhələsi keçirilib. Azərbaycan Fransız Universitetində təşkil olunan bu mərhələdə 144 şagird IOAI 2026-ya vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar.

Final mərhələsində iştirakçılar 6 saat ərzində 3 fərqli tapşırıq üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Belə ki, TASK A mərhələsində şagirdlərin süni intellekt üzrə nəzəri bilikləri qiymətləndirilib. Bu hissədə iştirakçılara 25 sualdan ibarət nəzəri tapşırıqlar təqdim olunub. TASK B mərhələsində iştirakçıların texniki və praktiki bacarıqları yoxlanılıb. Bu mərhələdə şagirdlər data ilə işləmə, ilkin emal, kəşfedici analiz, model qurma və nəticələrin qiymətləndirilməsi üzrə tapşırıqları yerinə yetiriblər. TASK C mərhələsi isə Kaggle əsaslı tətbiqi tapşırıq formatında keçirilib. Bu hissədə iştirakçılar data təmizləmə, xüsusiyyət mühəndisliyi, model seçimi və model performansının yaxşılaşdırılması istiqamətində praktik problem üzərində çalışıblar.

Azərbaycanı beynəlxalq final mərhələsində təmsil edəcək milli komandanın üzvləri aşağıdakılardır:

Xırdalan şəhər B.Y. Cəfərov adına 3 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Kənan Kərimzadə - ümumi nəticə: 93,85 bal

S.C. Pişəvəri adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın 11-ci sinif şagirdi Şəhla Əhmədzadə - ümumi nəticə: 93,7 bal

85 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tunar Əhmədzadə - ümumi nəticə: 93,35 bal

328 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mirmehdi Əzizli - ümumi nəticə: 93,23 bal

Qeyd edək ki, milli komandanın üzvləri Qazaxıstanın Astana şəhərində keçiriləcək Beynəlxalq Süni İntellekt Olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanıblar. 129 ölkənin iştirakı ilə təşkil olunacaq final mərhələsi şagirdlərə süni intellekt sahəsində bilik və bacarıqlarını qlobal səviyyədə nümayiş etdirmək imkanı yaradacaq.

Global Olympiad Center olaraq milli komandanın üzvlərini təbrik edir, onlara beynəlxalq final mərhələsində uğurlar arzulayırıq.