Global Olympiad Center tərəfindən təsis edilən AI Azərbaycan - Azərbaycan Süni İntellekt Olimpiadası 2026-nın final mərhələsi keçirilib. 9 may tarixində UFAZ - Azərbaycan-Fransız Universitetində təşkil olunan final mərhələsində iştirakçıların süni intellekt, data analizi, alqoritmik düşüncə və tətbiqi model qurma bacarıqları qiymətləndirilib.
AI Azərbaycan Süni İntellekt Olimpiadası ölkədə süni intellekt sahəsinə marağın artırılması, bu istiqamətdə şagird potensialının müəyyənləşdirilməsi və gələcək texnologiya sahəsində ixtisaslaşacaq istedadlı gənclərin aşkarlanması məqsədilə həyata keçirilir. Olimpiadanın təşkili zamanı Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” əsas istiqamətlərdən biri kimi nəzərə alınıb.
Final mərhələsi çərçivəsində valideynlər üçün ayrıca məlumatlandırıcı görüş də təşkil olunub. Görüş zamanı UFAZ-ın rektoru Vazeh Əsgərov valideynlər qarşısında çıxış edərək universitetdə tədris olunan Data Elmi və Süni İntellekt ixtisasının əhəmiyyətindən danışıb. O, müasir dövrdə süni intellekt və data elmi sahələrinin qlobal əmək bazarında mühüm istiqamətlərdən birinə çevrildiyini, bu sahələr üzrə bilik və bacarıqlara malik gənclərə tələbatın artdığını qeyd edib.
Çıxışda həmçinin AI Azərbaycan Süni İntellekt Olimpiadasının azərbaycanlı şagirdlər arasında bu sahəyə marağın artırılması baxımından əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu tip təşəbbüslər şagirdlərin erkən yaşdan texnologiya, data analizi, alqoritmik düşüncə və süni intellekt sahələri ilə tanış olmasına, gələcək akademik və peşəkar seçimlərini daha məqsədyönlü şəkildə formalaşdırmasına şərait yaradır.
Final günü iştirakçılar üç əsas mərhələ üzrə qiymətləndirmədən keçiblər. Birinci mərhələ olan TASK A-da şagirdlərin nəzəri bilikləri yoxlanılıb. Bu mərhələdə iştirakçılara 25 sualdan ibarət tapşırıq təqdim olunub və maksimal nəticə 50 bal olaraq müəyyən edilib. Səhv cavablara görə mənfi bal tətbiq olunmayıb.
TASK B mərhələsində iştirakçıların texniki və praktiki bacarıqları qiymətləndirilib. Bu hissədə şagirdlər data ilə işləmə, ilkin emal, kəşfedici analiz, model qurma və qiymətləndirmə bacarıqlarını nümayiş etdiriblər. Mərhələ kompüter otaqlarında və qruplar üzrə təşkil olunub.
Finalın son mərhələsi olan TASK C isə Kaggle əsaslı tətbiqi mərhələ kimi keçirilib. Bu mərhələdə iştirakçılar data təmizləmə, xüsusiyyət mühəndisliyi, model seçimi və model performansının qiymətləndirilməsi istiqamətində tapşırıqlar yerinə yetiriblər. TASK C mərhələsinin müddəti 150 dəqiqə təşkil edib.
Final günü çərçivəsində UFAZ, İRİA və Global Olympiad Centerin rəhbər heyətinin iştirakı ilə şagirdlərlə açılış görüşü də keçirilib. Görüş zamanı iştirakçılara final mərhələsinin ümumi axını, imtahan qaydaları və təşkilati proseslərlə bağlı məlumat verilib. Eyni zamanda valideynlər üçün ayrıca məlumatlandırıcı görüş təşkil olunub.
Qeyd edək ki, final mərhələsinin nəticələri TASK A, TASK B və TASK C üzrə ümumi qiymətləndirmə əsasında formalaşdırılacaq. Nəticələrin elan olunma qaydası və rəsmi paylaşım kanalları təşkilat komitəsi tərəfindən ayrıca bildiriləcək.
Nəticələrə əsasən ən yüksək göstərici əldə edən 4 şagird Qazaxıstanın Astana şəhərində keçiriləcək beynəlxalq final mərhələsində iştirak etmək hüququ qazanacaq. 130-dan çox ölkənin iştirakı ilə təşkil olunacaq bu mərhələ şagirdlərə süni intellekt sahəsində bilik və bacarıqlarını qlobal səviyyədə nümayiş etdirmək imkanı yaradacaq.
Global Olympiad Center bildirir ki, AI Azərbaycan Süni İntellekt Olimpiadası ölkədə rəqəmsal savadlılığın artırılması, innovativ düşüncə tərzinin formalaşdırılması və şagirdlərin süni intellekt sahəsində beynəlxalq akademik mühitə hazırlanması baxımından mühüm platforma kimi fəaliyyət göstərir.
Xüsusi qeyd edək ki, AI Azerbaijan Beynəlxalq Süni İntelllekt Olimpiadasının ölkə mərhələsi kimi təqdim olunur.