Global Olympiad Center tərəfindən təsis edilən AI Azərbaycan - Azərbaycan Süni İntellekt Olimpiadası 2026-nın final mərhələsi ilə bağlı valideynlər və iştirakçılar üçün məlumat planı açıqlanıb. Final mərhələsi 9 may tarixində UFAZ - Azərbaycan-Fransız Universitetində keçiriləcək.
Açıqlanan təlimat final günü ərzində giriş, açılış görüşü, imtahan mərhələləri, fasilələr, valideynlərlə məlumatlandırıcı görüş və yekun proses barədə iştirakçıları məlumatlandırmaq məqsədi daşıyır. Bildirilib ki, sənəd ictimai paylaşım üçün hazırlanıb və daxili işçi axını, texniki komanda bölgüsü, nəzarətçi cədvəlləri bu sənədə daxil edilməyib.
AI Azərbaycan final mərhələsi şagirdlərin süni intellekt, data analizi, alqoritmik düşüncə və tətbiqi model qurma bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunur. Final günü iştirakçılar üç əsas mərhələ üzrə qiymətləndirmədən keçəcəklər: TASK A, TASK B və TASK C.
Tədbir günü iştirakçıların məkana girişi saat 08:45-də başlayacaq və 09:20-dək davam edəcək. Saat 09:30-da UFAZ, IDDA və AI Azərbaycan nümayəndələrinin iştirakı ilə şagirdlərlə açılış görüşü keçiriləcək. Görüşdə final mərhələsinin ümumi axını və təşkilati qaydalar barədə məlumat veriləcək.
İmtahanın birinci mərhələsi olan TASK A saat 10:00-dan 11:00-dək keçiriləcək. Bu mərhələdə iştirakçılara 25 sualdan ibarət nəzəri qiymətləndirmə təqdim olunacaq. Hər düzgün cavab 2 balla qiymətləndiriləcək və bu mərhələdə maksimal nəticə 50 bal təşkil edəcək. Səhv cavablara görə mənfi bal tətbiq olunmayacaq.
Saat 10:10-dan 10:50-dək UFAZ Bina 1-də valideynlər üçün məlumatlandırıcı görüş təşkil olunacaq. Görüşdə final mərhələsinin məqsədi, günün ümumi axını və təşkilati qaydalar barədə məlumat veriləcək. Valideynlərin imtahan otaqları və texniki zonalara daxil olmaması xahiş olunur.
TASK B mərhələsi saat 11:30-dan 15:00-dək qruplar üzrə keçiriləcək. Bu mərhələdə iştirakçıların data ilə işləmə, kəşfedici analiz, ilkin emal, model qurma və qiymətləndirmə bacarıqları yoxlanılacaq. İştirakçılar tədbir günü təşkilatçılar tərəfindən müvafiq qruplara və otaqlara yönləndiriləcəklər.
TASK C mərhələsi saat 15:30-dan 18:00-dək davam edəcək. Kaggle əsaslı tətbiqi mərhələ çərçivəsində iştirakçılar data təmizləmə, xüsusiyyət mühəndisliyi, model seçimi və qiymətləndirmə yanaşmalarından istifadə edərək tətbiqi problem üzərində işləyəcəklər. Bu mərhələnin müddəti 150 dəqiqədir.
İştirakçılardan final günü imtahan ID-lərini, platforma giriş məlumatlarını və Kaggle hesablarını əvvəlcədən yoxlamaları xahiş olunur. TASK B və TASK C mərhələləri kompüter və onlayn platforma vasitəsilə keçiriləcəyi üçün Kaggle hesabına giriş məlumatlarının hazır olması vacibdir. İmtahan müddətində həll paylaşımı, digər iştirakçılarla məsləhətləşmə və icazəsiz resurslardan istifadə qadağandır.
Texniki təlimat iştirakçılarla ayrıca PDF sənəd kimi paylaşılacaq. Təlimata aşağıdakı link vasitəsilə baxmaq mümkündür:
https://drive.google.com/file/d/1jl7dVzSmbpjpvO6K3oXxJMPeIxliLKXc/view?usp=sharing
Final mərhələsinin nəticələri TASK A, TASK B və TASK C üzrə ümumi qiymətləndirmə əsasında formalaşdırılacaq. Nəticələrin elan olunma qaydası və rəsmi paylaşım kanalları təşkilat komitəsi tərəfindən ayrıca bildiriləcək.
Global Olympiad Center final mərhələsində iştirak edəcək bütün şagirdlərə uğurlar arzulayır.