Olympiad USA Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turu keçirildi

Global Olympiad Center tərəfindən təşkil olunan Olympiad USA Beynəlxalq Riyaziyyat Olimpiadasının Azərbaycan üzrə seçim turu 3 may 2026-cı il tarixində keçirilib. Müxtəlif sinif kateqoriyalarını əhatə edən şagirdlər bu mərhələdə iştirak edərək riyazi bilik və bacarıqlarını nümayiş etdiriblər.

Seçim turu çərçivəsində iştirakçılar beynəlxalq standartlara uyğun hazırlanmış suallar əsasında qiymətləndirilib. İmtahan zamanı şagirdlərin analitik düşünmə, problem həll etmə və məntiqi yanaşma bacarıqları yoxlanılıb. Yarış iştirakçılara öz biliklərini beynəlxalq səviyyədə sınamaq və növbəti mərhələyə vəsiqə qazanmaq imkanı təqdim edib.

Bildirək ki, seçim turunun nəticələri yaxın günlərdə Global Olympiad Center-in rəsmi platformalarında açıqlanacaq və yüksək nəticə göstərən iştirakçılar final mərhələsində iştirak şansı əldə edəcəklər.

Olympiad USA Beynəlxalq Riyaziyyat Olimpiadasının final mərhələsi 10–14 iyul tarixlərində ABŞ-ın Hyuston şəhərində keçiriləcək. Final proqramı çərçivəsində iştirakçılar NASA Kosmik Mərkəzi, Hyuston Planetariumu və Hyuston Təbiət Elmləri Muzeyi kimi elmi məkanları ziyarət edəcəklər. Bu proqram şagirdlərə elm, kosmos, texnologiya və təbiət elmləri sahəsində daha geniş bilik və təsəvvür qazanmaq imkanı yaradacaq.

Bundan əlavə, iştirakçılar final mərhələsi çərçivəsində Rice Universitetinin akademik heyəti ilə tanış olmaq imkanı əldə edəcəklər. Həmçinin olimpiadanın fəxri prezidenti, NASA-da 40 ildən çox fəaliyyət göstərmiş və xüsusi xidmət ordeni ilə təltif olunmuş Dr. Kumar Krişenlə görüş də proqram çərçivəsində nəzərdə tutulub.