HIPPO Olimpiadasının Milli Final Mərhələsi Keçiriləcək

Global Olympiad Center tərəfindən təşkil olunan HIPPO Beynəlxalq İngilis Dili Olimpiadasının Azərbaycan üzrə Milli Final mərhələsi yaxın günlərdə Azərbaycan Texniki Universitetində keçiriləcək. Seçim turunun nəticələrinə əsasən final mərhələsinə vəsiqə qazanan 428 iştirakçı bu mərhələdə bilik və bacarıqlarını nümayiş etdirəcək.

Bildirilib ki, Milli Final mərhələsində yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ olan Regional Finalda iştirak hüququ əldə edəcəklər. Regional Final mərhələsinin 30-dan çox ölkənin iştirakı ilə Bakı şəhərində keçirilməsi planlaşdırılır.

HIPPO 2026 yarışması müxtəlif yaş və təhsil qruplarına uyğun kateqoriyalar üzrə təşkil olunur. Milli Final mərhələsində də seçim turunda tətbiq edilən eyni kateqoriyalar qüvvədə qalacaq. Yarışmada adi və xüsusi kateqoriyalar mövcuddur. Adi kateqoriyalar dövlət və özəl məktəblərdə təhsil alan, ingilis dilini əsasən ikinci dil kimi öyrənən şagirdlər üçün nəzərdə tutulub. Xüsusi kateqoriyalar isə çoxdilli beynəlxalq məktəblərdə, həmçinin tədrisi tam və ya qismən ingilis dilində aparılan təhsil müəssisələrində təhsil alan şagirdləri əhatə edir. Cambridge və IB proqramı üzrə təhsil alan iştirakçılar da bu kateqoriyalarda yarışa bilirlər.Yaş bölgüsünə əsasən, 1 və 2-ci sinif şagirdləri Baby Hippo, 3 və 4-cü sinif şagirdləri isə Little Hippo kateqoriyalarında iştirak edirlər. Digər yaş qrupları isə müvafiq sinif və təhsil mühitinə uyğun kateqoriyalar üzrə qiymətləndirilir. Bu yanaşmanın əsas məqsədi iştirakçıların beynəlxalq standartlara uyğun və obyektiv formada dəyərləndirilməsidir.

Milli Final mərhələsində imtahan iki əsas hissədən ibarət olacaq: Reading və Writing. Bu mərhələdə iştirakçıların həm oxuyub anlama bacarığı, həm də yazılı ifadə qabiliyyəti qiymətləndiriləcək. Yekun sıralama hər iki hissə üzrə əldə olunan nəticələrin orta balı əsasında aparılacaq.

Qeyd edək ki, HIPPO yarışmasının ən yüksək mərhələsi Böyük Final hesab olunur. Bu il Böyük Final İtaliyanın Spoleto şəhərində keçiriləcək. Regional Final mərhələsində uğur qazanan iştirakçılar həmin beynəlxalq finalda iştirak etmək imkanı əldə edəcəklər.
Milli Final mərhələsinin nəticələrinin imtahandan təxminən 2-3 həftə sonra, yəni 2026-cı ilin may ayının son həftəsində elan olunacağı bildirilib.