STEMCO Beynəlxalq Riyaziyyat Yarışmasının ölkə mərhələsi keçirilib. Yarışma Bakı və Sumqayıt şəhərlərində təşkil olunub və 1-11-ci sinif şagirdləri iştirak ediblər.
45-dən çox ölkədə keçirilən STEMCO beynəlxalq platforma olaraq riyaziyyatı yalnız nəzəri bilik kimi deyil, real həyat problemlərinin həllində istifadə olunan praktik alət kimi təqdim edir. Seçim turu çərçivəsində iştirakçılara təqdim olunan suallar gündəlik həyatda qarşılaşılan situasiyalar əsasında hazırlanıb və onların analitik düşünmə, məntiqi yanaşma və problem həll etmə bacarıqlarının qiymətləndirilməsinə yönəlib.
İmtahan Azərbaycan, rus və ingilis dillərində təşkil olunub və iştirakçılar müxtəlif sinif kateqoriyalarına uyğun olaraq biliklərini nümayiş etdiriblər. Yarışma prosesində şagirdlər yalnız nəzəri biliklərini deyil, eyni zamanda tətbiqi yanaşma və qərarvermə bacarıqlarını da sınamaq imkanı əldə ediblər.
Qeyd edək ki, STEMCO Beynəlxalq Riyaziyyat Yarışmasında yüksək nəticə göstərən iştirakçılar beynəlxalq sertifikat və medallarla təltif olunacaq, həmçinin Sinqapurda keçiriləcək beynəlxalq mərhələdə iştirak hüququ qazanacaqlar. Yarışmanın final mərhələsi 17-21 iyun tarixlərində Sinqapurda təşkil olunacaq və iştirakçılar burada beynəlxalq akademik mühitlə yaxından tanış olmaq imkanı əldə edəcəklər.