Kopernik Olimpiadasının Qalibi Beynəlxalq Universitetdən Qəbul Qazanıb!

Global Olympiad Center tərəfindən keçirilən olimpiadalarda uğurla iştirak edən, İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın şagirdi Riyad Bayramov beynəlxalq universitetdən qəbul qazanıb. O, Honq Konqun nüfuzlu ali təhsil müəssisələrindən biri olan Honq-Konq Politexnik Universitetinin “Computing and AI” ixtisası üzrə qəbul qazanıb.

Qeyd edək ki, Honq-Konq Politexnik Universiteti QS Dünya Universitet Reytinqində süni intellekt sahəsi üzrə yüksək mövqelərdə yer alır və dünya universitetləri sıralamasında 54-cü sırada qərarlaşıb. Universitet innovasiya və texnologiya yönümlü təhsil proqramları ilə tanınır.

Riyad Bayramov müxtəlif beynəlxalq olimpiadalarda iştirak edərək bir sıra uğurlu nəticələr əldə edib. Belə ki, o, Kopernik Riyaziyyat Olimpiadasının final mərhələsində gümüş medal qazanıb, eyni zamanda FMO, AIMO və TIMO olimpiadalarının seçim turlarında bürünc medallara layiq görülüb.

Qazandığı bu nailiyyətlər onun akademik inkişafına və beynəlxalq təhsil imkanları əldə etməsinə mühüm töhfə verib.

Global Olympiad Center olaraq ona gələcək təhsil həyatında uğurlar arzulayırıq.