Təhsil işçilərinin övladlarına Eynşteyn Olimpiadasında 40% endirim təqdim olunur
Global Olympiad Center tərəfindən təşkil olunan Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turu ilə bağlı təhsil işçilərinin övladları üçün xüsusi iştirak imkanı yaradılıb. GOC-un üzvü olduğu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının üzvlərinin övladlarına olimpiadada iştirak üçün 40% endirim tətbiq olunur.
Bildiririk ki, 16 may 2026-cı il tarixində Azərbaycanda ilk dəfə olaraq Almaniya mərkəzli Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turu keçiriləcək. Dünyanın 40-dan çox ölkəsindən iştirakçıların qatıldığı bu olimpiada şagirdlərə beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaradır. Seçim turunda yüksək nəticə göstərən iştirakçılar final mərhələsində Almaniyanın Berlin şəhərində keçiriləcək yarışda iştirak hüququ qazanacaqlar.
Olimpiada iki istiqamət üzrə təşkil olunur: Elm və Riyaziyyat. Elm istiqaməti həyat bilgisi, fizika, kimya və biologiya fənlərini əhatə edir və müxtəlif sinif səviyyələrinə uyğun şəkildə keçirilir. Riyaziyyat istiqaməti üzrə isə cəbr və həndəsənin əsas anlayışları, eləcə də yuxarı siniflər üçün riyazi məntiq və problem həll etmə bacarıqlarını əhatə edən tapşırıqlar təqdim olunur.
2026-cı il seçim mərhələsi Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Quba, Naxçıvan, Xankəndi, Şəmkir və Şəki şəhərlərində təşkil olunacaq. İmtahan proqramına əsasən riyaziyyat fənni üzrə imtahan saat 11:00-da, Təbiət Elmləri (Science) kateqoriyası üzrə isə saat 14:00-da keçiriləcək.
Qeyd edək ki, Beynəlxalq Eynşteyn Olimpiadası Avropanın müxtəlif akademik qurumları və universitetlərinin iştirakı ilə həyata keçirilir. Final mərhələsi 26-30 oktyabr 2026-cı il tarixlərində Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunacaq. Bu mərhələdə müxtəlif ölkələrdən seçilmiş şagirdlər iştirak edəcək.
Endirim imkanından yararlanmaq üçün iştirakçıların Global Olympiad Center platformasında şəxsi kabinet yaratması tələb olunur. GOC olaraq məqsədimiz şagirdlərin beynəlxalq olimpiadalarda iştirakını təşviq etmək və onların akademik inkişafına dəstək olmaqdır.