21 fevral 2026-cı il tarixində Odlar Yurdu Universitetində Global Olympiad Center-in təşkilatçılığı ilə Brainiacs Olympiad-ın ingilis dili, tarix və coğrafiya fənləri üzrə ölkə seçim turu uğurla baş tutmuşdur. Ölkənin müxtəlif şəhər və bölgələrindən yüzlərlə şagird iştirak edərək beynəlxalq final mərhələsinə vəsiqə uğrunda mübarizə aparmışdır. Olimpiadanın nəticələrinin bir həftə ərzində elan olunacağı bildirilib.
Seçim mərhələsində tarix və coğrafiya fənləri üzrə 50, ingilis dili üzrə isə 50 sual təqdim olunmuşdur. Suallar açıq və qapalı formatda hazırlanaraq şagirdlərin analitik düşünmə bacarığı, faktoloji bilik səviyyəsi və dil kompetensiyaları kompleks şəkildə qiymətləndirilmişdir. Yüksək rəqabət mühiti şəraitində keçirilən imtahanda iştirakçılar öz akademik hazırlıq səviyyələrini nümayiş etdirmişlər.
Qeyd olunmuşdur ki, 40 baldan 40 və daha yüksək nəticə (40+) göstərən şagirdlər Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində təşkil ediləcək beynəlxalq final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaqlar. Final mərhələsi nüfuzlu Xiamen University-nin tərəfdaşlığı ilə keçiriləcəkdir.
Xiamen University 1921-ci ildə təsis olunmuş və Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən biridir. Universitet beynəlxalq reytinqlərdə yüksək mövqelərə malikdir. QS World University Rankings siyahısında dünya üzrə ilk 350 universitet arasında yer alır, Times Higher Education reytinqində isə 251–300 aralığında qərarlaşır. Asiya reytinqlərində isə qabaqcıl universitetlər sırasında göstərilir. Universitet geniş tədqiqat infrastrukturu, beynəlxalq tələbə mühiti və akademik keyfiyyəti ilə seçilir.
Brainiacs Olympiad beynəlxalq akademik platforma olaraq şagirdlərin qlobal səviyyədə rəqabət qabiliyyətini artırmağı, onların erkən yaşda beynəlxalq akademik mühitə inteqrasiyasını təmin etməyi hədəfləyir. Global Olympiad Center bu kimi beynəlxalq olimpiadaları ölkəmizdə təşkil etməklə istedadlı şagirdlərin aşkarlanmasına, onların beynəlxalq təcrübə qazanmasına və Azərbaycanın akademik potensialının qlobal səviyyədə tanıdılmasına töhfə verir.
Global Olympiad Center-in təşəbbüsü ilə keçirilən Brainiacs Olympiad ölkəmizdə akademik rəqabət mühitinin gücləndirilməsi və gənc nəslin intellektual inkişafının dəstəklənməsi istiqamətində mühüm addım hesab olunur.