Global Olympiad Center (GOC) 2025–2026 mövsümü üzrə seçilmiş team Leader-lər və bina rəhbərləri ilə tanışlıq və illik fəaliyyət planının müzakirəsinə həsr olunmuş görüş təşkil edib.
Görüşdə GOC-un direktoru Xəyal İbrahimzadə, direktor müavini Əli Mirzəyev və GOC könüllülük proqramının rəhbəri Azər Həndəmov iştirak ediblər.
Tədbirin ilk hissəsində bina rəhbərləri ilə ayrıca görüş keçirilmişdir. Bu mərhələdə qarşıdakı mövsüm üçün nəzərdə tutulan illik fəaliyyət planı və iş qrafikləri təqdim olunmuş, vacib məlumatlar könüllülərə çatdırılmışdır.
Daha sonra Team Leader-lərlə görüş eyni ssenari üzrə davam etmişdir. Onlara tədbirlərin illik təqvimi, funksional vəzifə bölgüləri və təşkilati mexanizmlər izah olunmuşdur. Komanda rəhbərlərinə qarşıdakı tədbirlərdə üzərlərinə düşəcək məsuliyyətlər və görüləcək addımlar barədə geniş məlumat verilmişdir.
Görüş çərçivəsində GOC rəhbərliyi seçilmiş liderlərin fəaliyyətini yüksək qiymətləndirmiş və onların könüllülük proqramına verəcəkləri töhfələrin əhəmiyyətini vurğulamışdır. İştirakçılara bildirilib ki, beynəlxalq olimpiadalar, forumlar və elmi yarışmalar zamanı Team Leader və bina rəhbərləri əsas təşkilati dayaqlardan biri olacaq, proseslərin koordinasiyasını təmin edəcəklər.
Tədbirin sonunda yeni mövsümün başlanması münasibətilə xatirəvi mərasim keçirilib və tort kəsilərək kollektiv ruhun daha da güclənməsinə töhfə verilib.
Bununla yanaşı, qeyd olunub ki, sentyabrın 12-də isə onlayn formatda ümumilikdə seçilmiş 400 nəfərə yaxın könüllü ilə genişmiqyaslı görüş keçiriləcək. Bu görüşdə könüllülərə illik fəaliyyət planı təqdim olunacaq, təlim prosesi və qarşıdakı tədbirlərlə bağlı zəruri məlumatlar paylaşılacaq.
GOC-un könüllülük proqramı yalnız tədbirlərin təşkili ilə məhdudlaşmır, həm də gənclərin inkişafına, liderlik keyfiyyətlərinin formalaşdırılmasına və gələcək karyera imkanlarının genişləndirilməsinə xidmət edir.